Şıltaq dağ çayının gətirdiyi coşqun sellərə sinə gərən Ulu körpü
Qax, 23 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri çoxdur. Belə abidələrdən biri də inşa tarixi XVII əsrin sonu - XVIII əsrin əvvəllərinə aid edilən Ulu körpüdür.
Körpü dağlar qoynunda yerləşən İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb. Ulu körpünün tikintisi üçün olduqca əlverişli yer seçilib. Şıltaq dağ çayının gətirdiyi coşqun sel-sulara mərdliklə sinə gərən bu körpü çayın yatağının daraldığı yerdə, sal qayalar üzərində inşa edilib.
İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, körpünün dörd kərpic qalınlığındakı tağbəndinin aşırımı 14,6 metrdir. Hörgüdə üfüqi və şaquli birləşmələrin dəqiq bağlanması sayəsində körpünün tağbəndi vahid monolit konstruksiya təəssüratı yaradır. Bu növ konstruksiyaların yüksək möhkəmliyi elmi cəhətdən də sübut olunub. Körpünün bu xüsusiyyəti onun güclü selə qarşı möhkəmliyini və dayanıqlığını təmin etmiş, suyun tağbəndin altından və dayaqların arasından daha sürətlə axıb getməsinə şərait yaratmışdır.
Onun sözlərinə görə, tarixi məlumatları təhlil edərkən Ulu körpünün İlisu kəndi sultanlığın mərkəzinə çevrildikdən sonra, yəni XVII-XVIII əsrlərdə tikildiyi məlum olur. Körpünün tikintisində çay daşından, əhəng məhlulundan və əsasən bişmiş kərpicdən istifadə edilib. Kəndin ağsaqqallarının dediklərinə görə, körpü xalq sənətkarı usta Ömər tərəfindən tikilib. Bəzi məlumatlarda Ulu körpünün tikintisində inşaat materialı kimi yumurta sarısından da istifadə edildiyi qeyd olunur.
Ulu körpü ilə əlaqədar bir sıra maraqlı tarixi faktların olduğunu vurğulayan Azər Qocayev bildirib ki, 1884-cü ildə rus qoşunlarının kəndə hücumu zamanı sonuncu İlisu hakimi Daniyal Sultan Ulu körpünü dağıtmaq fikrindən daşınıb. Körpünün dağıdılması rus qoşunlarının uğursuzluğuna səbəb ola bilərdi. Daniyal Sultanın həmin qərarını indi də qiymətləndirmək çətindir. Lakin bir şey məlumdur ki, Ulu körpü İlisu sultanlığını düzənlik ərazilərlə birləşdirən yeganə körpü idi. Daniyal Sultan bu qərarı verməsəydi, körpü uçurular, kəndin əhalisi çətinlik çəkərdi. Bəlkə də Sultan el sənətkarlarının yaratdığı bu nadir abidəni uçurmağa qıymayıb. Digər ehtimala görə, körpü dağılsa belə, rus qoşunlarının kəndi tutacaqlarına əmin olduğundan onu uçurmaqdan çəkinib.
Hər halda, üç əsrdən artıq tarixə şahidlik edən Ulu körpü zəmanəmizə qədər sağ-salamat gəlib çatıb. İndiki nəsillər, eləcə də rayona gələn turistlər bu nadir abidəni seyr etməklə onun üzərindən keçib getmək imkanına malikdirlər.
Hazırda Ulu körpü tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.