REGİONLAR
Şirvanda tibbi müayinədən keçirilən sakinlərdən 173 nəfəri stasionar müalicəyə cəlb olunub
Şirvan, 11 mart, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən bütün bölgələrdə olduğu kimi, Şirvan şəhərində də əhalinin pulsuz tibbi profilaktik müayinəsi yüksək fəallıqla davam edir. Üçaylıq aksiya çərçivəsində 18 yaşından yuxarı 63 min 850 nəfər şirvanlı tibbi yoxlamadan keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiya Şirvan Şəhər Mərkəzi Poliklinikasında təşkil edilib. Vətəndaşlar, ilk növbədə, qeydiyyata alınır, sonra müayinədən keçirilirlər. Poliklinikada fəaliyyət göstərən elektrokardioqrama, ultrasəs, rentgen, füloqrafiya və digər şöbələrdə ixtisaslı həkimlər tərəfindən vətəndaşlar müayinə olunur, xəstəlik aşkarlanan sakinlər müalicəyə cəlb edilirlər.
Poliklinikanın müdiri Səadət Quliyeva bildirib ki, aksiya ilə bağlı poliklinikada bütün lazımi şərait yaradılıb. Təcrübəli həkimlər və orta tibb personalı aksiyaya cəlb olunub. Müayinələr tərtib olunan qrafikə uyğun aparılır. “Kollektivimiz aksiyanı yüksək səviyyədə başa çatdırmaq üçün gücləndirilmiş iş rejimində çalışır. Gün ərzində 500-550 nəfərdən çox vətəndaş müayinə olunur. Fevralın 12-dən bu günə kimi 20 min 582 nəfər şəhər sakini tibbi müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 1753 nəfər ambulator, 173 nəfər stasionar müalicəyə cəlb olunub, 39 sakin təkrar müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib. 29 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb”, - deyə Səadət Quliyeva qeyd edib.
Sakinlər humanitar aksiyanı ölkəmizdə vətəndaş sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.