Siyəzənneft NQÇİ-nin mədən ərazilərinin landşaftı və təbii görkəmi bərpa olunur
Bakı, 23 oktyabr (AZƏRTAC). “Ekologiya ili” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi prioritet ekoloji layihələr sırasında Z.Tağıyev adına, Abşeronneft, Siyəzənneft və Balaxanıneft neft və qaz çıxarma idarələrinin mədən ərazilərində çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihələri xüsusi əhəmiyyət kəsb edir. Bu layihələrin icrası “Ekol Mühəndislik Xidmətləri” QSC-yə həvalə edilmişdir.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, cari ildə qurum “Azneft” İstehsalat Birliyi ilə birlikdə qeyd olunan layihələr üzrə əsas işləri başa çatdırmış, bəzi sahələrdə isə bioremediasiya tədbirlərini davam etdirir.
Ekoloji layihələr sırasında “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların bioremediasiyası, ərazinin mürəkkəb coğrafi mövqeyə və relyefə malik olması, respublikamızın şimal-şərq bölgəsində turizmin inkişaf etdirilməsi, ərazidə yerləşən təbii çay hövzələrinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və insanların sağlamlıqlarına təsir edən mənfi amillərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Bununla əlaqədar olaraq “Ekol” 30 hektaradək ərazidə neftlə çirklənmiş torpaqların bioremediasiyası layihəsinin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün təxirəsalınmaz tədbirlər görür. Layihə üzrə mədən ərazilərində bioremediasiya proseslərinin son mərhələsi başa çatdırılmış, sahələrə arpa əkilməsinə başlanılmışdır.
QSC-nin Siyəzənneft NQÇİ-nin mədən ərazilərində həyata keçirdiyi tədbirlər nəticəsində landşaft bərpa olunmuş və ərazilər öz əvvəlki görkəminə qaytarılmışdır.