STRASBURQDA AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ANMA MƏRASİMİ KEÇİRMİŞDİR
Strasburq, 27 fevral (AZƏRTAC). Azərbaycanın Avropa Şurası (AŞ) yanındakı daimi nümayəndəliyi Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Mərasimin əvvəlində şəhid xocalılıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə AŞ üzvü olan dövlətlərin səfirləri, Strasburqda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, AŞ-nin rəsmiləri, fransız ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri və tələbələrimiz iştirak etmişlər.
Azərbaycanın AŞ yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov mərasimi açaraq Xocalı soyqırımının XX əsrin ağlasığmaz faciəsi olduğunu diqqətə çatdırmışdır.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxışında Xocalı faciəsinin insanlığa qarşı cinayət olduğunu, məhz bu səbəbdən də mərasimdə müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyini, ölkəmizdə Xocalı soyqırımının dövlət səviyyəsində hər il geniş miqyasda qeyd edildiyini xatırlatmışdır. A.Rəhimzadə 1992-ci ilin yanvarından etibarən Xocalı şəhərinin Azərbaycanla tamamilə əlaqələrinin kəsildiyini, bundan istifadə edən ermənilərin fevralın 25-dən 26-na keçən gecə Xocalıya qəflətən başqın edərək dinc əhaliyə qarşı soyqırımı təşkil etdiklərini bildirmişdir.
Arif Rəhimzadə ermənilərin Xocalı faciəsini törətməklə azərbaycanlıların əzmini qırmaq niyyətində olduğunu, amma buna qətiyyən nail ola bilmədiklərini qeyd etmiş, ermənilərin bu çirkin niyyətlərinin arxasında Ermənistanın işğalçılıq siyasətinin, xarici ölkələrdə güclü erməni lobbisinin durduğunu bildirmiş, ermənilərin azəbaycanlılara qarşı tarixi nifrətlərini nəsildən-nəslə verən bir xalq olduğunu söyləmiş, Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün xaricdə yaşayan azərbaycanlıları daha geniş fəaliyyət göstərməyə çağırmışdır.
Azərbaycan Prezident Administirasiyasının sektor müdiri Qafar Əliyev Xocalı faciəsini dünyanın ən dəhşətli soyqırımları və İkinci Dünya müharibəsi zamanı alman faşistləri tərəfindən yerlə-yeksan edilmiş Xatın şəhərinin faciəsi ilə müqayisə etmiş, Xocalı faciəsi zamanı qətlə yetirilmiş ailələrin uşaqlarının bu soyqırımının canlı şahidi olduqlarını və bu qəddarlığın onların yaddaşında əbədi iz buraxdığını bildirmişdir.
Q.Əliyev Avropanın rəmzi paytaxtı olan Strasburqda fəaliyyət göstərən diplomatik nümayəndələri Azərbaycanın haqq səsinə dəstək verməyə, bu faciəni törədənlərin əsil simasını tanımağa və soyqırımına siyasi qiymət veməyə çağırmışdır. O, soydaşlarımızın hər bir hadisədə Azərbaycanı dəstəkləməsinin vacibliyini vurğulamışdır.
Mərasimdə Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. İştirakçılar Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuş ədəbiyyatdan və fotolardan ibarət sərgi ilə tanış olmuşlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq