STRASBURQDAKI “AZƏRBAYCAN EVİ”NİN DAİMİ OFİSİ VAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2006-cı ildə yaradılaraq, rəsmən qeydiyyatdan keçmiş “Azərbaycan evi” qısa müddət ərzində Azərbaycan həqiqətlərini fransızlara çatdırmaq, ölkəmizlə bağlı bir-birindən maraqlı tədbirlərin keçirilməsi sahəsində əhəmiyyətli işlər görməyə müvəffəq olmuşdur.
Lakin indiyədək daimi ofisi olmayan cəmiyyət tədbirləri müxtəlif yerlərdə keçirməli olurdu. Bu günlərdə “Azərbaycan evi”nin həyatında əlamətdar hadisə baş vermişdir. Cəmiyyətin Strasburqun mərkəzində yerləşən öz ofisində ilk dəfə olaraq görüş keçirilmişdir.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Strasburqu Azərbaycanla bağlayan sıx tellər olduğunu xatırladaraq demişdir ki, ümummilli liderimiz Heydər Əliyev ilk dəfə 2001-ci ilin yanvarında Strasburqda Avropa Şurasının iqamətgahı qarşısında dövlət bayrağımızı qaldırmışdır. Strasburq 8 milyonluq ölkəni təmsil edən cənab İlham Əliyevin təxminən 800 milyonluq əhalini əhatə edən Avropa Şurası kimi mühüm beynəlxalq təşkilatın rəhbərliyinə seçildiyi şəhərdir. Ermənistanı işğalçı kimi tanıyan tarixi qətnamənin qəbul edildiyi, dünya şərqşünaslığının korifeylərindən olan azərbaycanlı alim İren Melikoffun yaşadığı şəhərdir. R.Hüseyov soydaşlarımızı XX əsrdə ilk dəfə Parisdə yaradılmış “Azərbaycan evi”nin ənənələrini davam etdirməyə çağırmışdır.
Görüş iştirakçılarının çoxsaylı suallarına cavab verən deputat onların qaldırdığı bir sıra problemlərin həllinə kömək etməyə çalışacağını bildirmişdir. O, zəngin kitabxananın yaradılmasının, Azərbaycan dili kurslarının açılmasının zəruriliyini vurğulamış, müəllifi olduğu bir neçə kitabını “Azərbaycan evi”nə hədiyyə etmişdir.