ŞÜKRANLIQ BAYRAMI ÜÇÜN LƏVƏNGİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ-da Şükranlıq bayramı ərəfəsində Vaşinqtondakı “Amerikanın Azərbaycan Qadınları” assosiasiyası maraqlı tədbir keçirmişdir. Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində təşkil edilən bayram tədbirində Assosiasiya üzvü olan xanımlar amerikalılara hind toyuğu ləvəngisi hazırlamağın qaydasını nümayiş etdirmişlər.
Noyabr ayının sonuncu cümə axşamına təsadüf edən Şükranlıq günündə hər bir amerikalının evində naz-nemətli bayram süfrəsi açılır. Bu günün əsas yeməyi içi doldurularaq qızardılan hind toyuğudur.
“Amerikanın Azərbaycan Qadınları”nın təmsilçisi Rəna Məmmədlinin sözlərinə görə, hər il bayram ərəfəsində bəzi ev xanımları hind toyuğunun içinin doldurulmasının yeni reseptlərini axtarırlar. Azərbaycanlı qadınlar bundan istifadə edərək, ləziz yeməklərimizdən biri olan toyuq ləvəngisinin hazırlanma qaydalarını nümayiş etdirməklə amerikalıları mətbəximizlə tanış etmək qərarına gəlmişlər. Assosiasiya üzvləri toyuq ləvəngisi və plov bişirərək, tədbir iştirakçılarını qonaq etmişlər. Bununla yanaşı, toplaşanlara Azərbaycan mətbəxi barədə də ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, ərazisində dünyanın 11 iqlimindən 9-nun müşahidə olunduğu Azərbaycanda milli yeməklərimizdə istifadə edilən çoxsaylı meyvə, tərəvəz və göyərti yetişdirilir. Tarixi İpək yolu üstündə yerləşən Azərbaycan yaxın və uzaq mədəniyyətlərlə daim təmasda olmuşdur. Bu isə mətbəximizin zənginliyi və müxtəlifliyinə də töhfə vermişdir. Lakin müəyyən səbəblərə görə, bu irsin qismən itirilməsi təhlükəsi də var. Belə ki, Ermənistanın təcavüzü altında olan Qarabağ bölgəsinə məxsus bir sıra yeməklər məhz həmin ərazilərdə yetişən məhsullar əsasında hazırlanırdı.
Azərbaycan mətbəxi haqqında məlumat amerikalılar tərəfindən maraqla qarşılanmışdır. Tədbirin sonunda AZƏRTAC-ın müxbiri ilə təəssüratlarını bölüşən iştirakçılar dadlı Azərbaycan yeməklərini birinci dəfə daddıqlarını və çox bəyəndiklərini bildirmişlər. Onların sözlərinə görə, indi əsas məsələ ləvəngini evdə də bu cür ləzzətli hazırlamaqdır.
######
