Sülhməramlıların növbəti avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib
Şuşa, 7 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşadan keçən Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər maneəsiz hərəkət edirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 18 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarının 66, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə 8 avtomobili keçib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.