SUMQAYITDA “HEYDƏR ƏLİYEV. ŞƏXSİYYƏT VƏ ZAMAN” KİTABININ TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıtda, Ü.Hacıbəyov adına mədəniyyət sarayında tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, “Şöhrət” ordenli Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının təqdimatı olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş böyük fotosərgi ilə tanış oldular.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev mərasimi açaraq vurğuladı ki, ömrünü bütünlüklə xalqa xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti ona ümumxalq məhəbbəti və hörməti qazandırmışdır. Siyasət nəhənginin, fövqəlistedadlı əfsanəvi şəxsiyyətin, dünyanın siyasi elitası tərəfindən tanınmış dövlət xadiminin həyat yolu bu gün də tarixçi-biblioqrafların diqqət mərkəzindədir. Şəhər rəhbəri vurğuladı ki, həqiqətən, çox nadir şəxsiyyət olan ulu öndər ölkəmizin hərtərəfli, sabit və palanauyğun inkişafına misilsiz töhfə vermişdir. Onun irəli sürdüyü azərbaycançılıq paradiqması isə respublikanın siyasi, iqtisadi və mədəni məkana uğurla inteqrasiyasının əsas amili, dünya azərbaycanlılarının ətrafında birləşdikləri mənəvi mərkəz oldu.
Oxuculara təqdim edilən kitab haqqında danışarkən V.Əliyev vurğuladı ki, çoxcildli roman-tədqiqat birnəfəsə oxunur. Müəllif oxucuların mühakiməsinə nadir sənədli materialların yer aldığı kitab vermişdir. Böyük faktoloji, politoloji və tarixi materialın toplandığı kitabda geniş oxucu auditoriyasına indiyədək məlum olmayan faktlar və epizodlar yer almışdır. Müəllif ulu öndərin çoxşaxəli portretini müxtəlif rakurslarda göstərmişdir.
Təqdimatda iştirak edən Sumqayıt ictimaiyyətinin nümayəndələri əsərlə bağlı təəssüratlarını bölüşdülər.
E.Axundova çıxışında roman üzərində işləyərkən müxtəlif hisslər keçirdiyini dedi və qeyd etdi ki, oxucular tezliklə roman tədqiqatın “Kreml beşilliyi” adlı növbəti cildi ilə tanış olacaqlar. Kitabın iki qəhrəmanı - şəxsiyyət və onun dövrü, şəxsiyyət və onun komandası, şəxsiyyət və onun zamanı vardır.
Tədbir iştirakçılarına müəllifin avtoqrafı olan kitablar təqdim edildi.
######
