SURİYA İRAQIN PULLARINI QAYTARMAĞA HAZIRDIR, AMMA...
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Suriya Səddam Hüseyn rejiminin bu ölkənin banklarına köçürdüyü maliyyə vəsaitlərini İraqın hakimiyyət orqanlarına qaytarmağa hazırdır. Bunu İraq Ali İdarəetmə Şurasının (İAİŞ) üzvü Müvəffəq əl-Rubai Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirmişdir.
Rubai demişdir: “Əsəd məni əmin etdi ki, İraqın maliyyə vəsaitləri tam qorunur və Suriya onları İraq hakimiyyəti orqanlarına qaytarmağa hazırdır. Onun sözlərinə görə, Əsəd bildirmişdir ki, Suriya bu pulları ABŞ-a vermək istəmir. İAİŞ maliyyə vəsaitlərinin köçürülməsini sənədləşdirmək üçün öz nümayəndəsini Dəməşqə göndərəcəkdir.