CƏMİYYƏT
Sverdlovsk vilayətində keçirilən yarmarkada ölkəmiz yüksək səviyyədə iştirak edib
Moskva, 12 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulluğunun təşəbbüsü, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının təşkilatçılığı və “Azərçay”ın Ural nümayəndəliyinin iştirakı ilə Sverdlovsk vilayətinin İrbit şəhərində keçirilən “2024 İrbit yarmarkası”nda ölkəmiz yüksək səviyyədə iştirak edib.
AZƏRTAC xəbər verir ki, festivalda ölkəmiz üçün ayrılan ərazidə “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatı tərəfindən 60 kvadratmetr ölçüsündə milli ornamentlərimizi və ölkəmizin şəhərlərinin adlarını (Şuşa, Xankəndi, Şirvan, Naxçıvan, Gəncə, Bakı, Lənkəran, Qazax və.s) özündə əks etdirən xüsusi çadır qurulub. Çadırın içərisi milli musiqi alətlərimizlə bəzədilib və ziyarətçilərə milli musiqimizin sədaları altında Azərbaycan mədəniyyətinin bütün çalarları, o cümlədən milli mətbəximizin müxtəlif təamları və milli şirniyyatlarımızla çay süfrəsi təqdim olunub.
Azərbaycan çadırını çoxsaylı qonaqlarla yanaşı, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, Sverdlovsk vilayətinin birinci qubernatoru Eduard Rossel, Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Merzlyakova, müxtəlif rəsmi şəxslər və diplomatik korpusun nümayəndələri ziyarət edərək, çadırda nümayiş olunan mədəniyyət nümunələri ilə yaxından tanış olub, milli mətbəximizin təamlarından dadıb, çay süfrəmizə qonaq olaraq ölkəmizin zəngin mədəniyyəti haqqında xoş sözlər səsləndiriblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva