TALLİNNDƏ “ESTONİYA XALQLARI GÜNÜ” QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Estoniyanın “Salme” Mədəniyyət Mərkəzində “Estoniya Xalqları Günü” adlı tədbir keçirilmişdir.
Estoniya Respublikasının 90 illiyi çərçivəsində təşkil olunmuş tədbirin təşkilatçısı bu ölkənin Əhalinin Yerləşdirilməsi Nazirliyidir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbirdə Estoniyanın dövlət xadimləri, hökumət üzvləri, bu ölkədə fəaliyyət göstərən milli azlıqların nümayəndələri, diplomatik korpusun əməkdaşları iştirak etmişlər.
Mərasimə qatılan xalqların nümayəndələri öz ölkələrinin milli mədəniyyətini və tarixini təbliğ edən guşələr hazırlamışlar.
Azərbaycanı tədbirdə təmsil edən “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı guşədə iştirakçılara Azərbaycan Respublikasının xəritəsi, ölkənin tarixi, mədəniyyəti və incəsənətindən bəhs edən əyani vəsaitlər, milli musiqi alətləri, kitablar, jurnallar və milli xörəklər təqdim olunmuşdur.
Estoniyada demokratiyanın, vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə, “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzi fəxri fərmanla təltif edilmişdir.
“Estoniya Xalqları Günü” konsert proqramı ilə davam etmişdir. Azərbaycan icmasının rəqs qrupunun üzvləri “Uzundərə” rəqsini ifa etmişlər.