Tovuzda turizm obyektlərinin sayı artır
Tovuz, 3 iyul (AZƏRTAC). Tovuz rayonunun əlverişli iqlim şəraiti, əsrarəngiz təbiət mənzərələri, təbii bulaqları bu bölgədə turizmin inkişafı üçün geniş perspektivlər açır. Bu səbəbdən də son vaxtlar rayona daha çox xarici ölkələrdən turistləri cəlb etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu gün Tovuzda 4 istiqamətdə turizm marşrutları müəyyənləşdirilmişdir. Turizmin inkişafı ilə əlaqədar Tovuz şəhərinin girəcəyində 5 hektar ərazidə Olimpiya İdman Kompleksi, onun yaxınlığında 5,2 hektar sahədə 5 ulduzlu otel, Karvansara tipli “Qala”, “Şəlalə”, “Bayraq meydanı”, rəmzi “Üç qala” kompleksi tikilmiş, 10,4 hektar sahəsi olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı salınmışdır.
Bu obyektlər müasir tələblərə cavab verən istirahət və idman imkanlarına görə istirahət-rekreasiya obyektləri kimi turistlərin xidmətindədir. Bundan əlavə, Xınna və Əsrik dərələri boyunca 50-yə yaxın istirahət-rekreasiya obyektləri fəaliyyət göstərir.
Rayonun Aşağı Quşçu kəndi ərazisində yerləşən, bizim eradan əvvəl VI minilliyə aid Göytəpə yaşayış məskəni və onlarla digər qədim tarixi abidələr də rayonun turizm marşrutlarına daxil edilmişdir. Rayona gələn turistlərin məlumatlandırılması məqsədilə turizm potensiallı yaşayış məntəqələrində müxtəlif məlumatlar, turizm, ictimai-iaşə obyektləri, poçt, tibb məntəqələri haqqında göstəricilər yerləşdirilmişdir. Rayon ərazisində yerləşən bütün tarixi abidələrə gedən yollar təmir olunmuşdur.
Bir sözlə, gözəl təbiəti olan Tovuzun turizm imkanlarının genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir.