TÜRK TÖRƏ OCAĞI MÜKAFATLARININ TƏQDİMETMƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR
Türk Törə Ocağının rəhbəri Elxan Qaraxanlı 2001-ci ildən qurumun Ağsaqqallar Şurası tərəfindən verilən “San yarlığı” mükafatı, keçmiş mükafatçılar, görülmüş tədbirlər haqqında qısa məlumat vermiş, builki qaliblərin adlarını açıqlamışdır.
Respublikamızda türk mədəniyyətinin dirçəldilməsində və azərbaycançılıq ideyasının sistemləşdirilməsində xidmətlərinə görə Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və ölkənin siyasi həyatında qısa müddətdə səmərəli fəaliyyətinə görə Milli Məclisin deputatı Qənirə Paşayeva “Alp” rütbəsi və rəmzi qılınc ilə təltif olunmuşlar.
Ədəbiyyatşünas alim, pedaqoq, Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu “Bilgə” rütbəsinə, ölkələrimiz arasında mədəniyyət əlaqələrinin inkişafına göstərdiyi xidmətlərinə görə Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Fəthi Gədikli, Azərbaycan ədəbiyyatını təbliğ etdiyinə görə türkiyəli tərcüməçi Yasəmin Bayər, qəzetin səhifələrində mədəniyyət məsələlərinə geniş yer ayırdığına görə “Ekspres” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, “Soydaş” poemasına görə şair Ədalət Əsgəroğlu, türk xalqları ədəbiyyatının tərcüməsində və nəşrində göstərdiyi xidmətlərə görə şair Səlim Babullaoğlu, Mahmud Kaşqarlı haqqında dəyərli tədqiqatlarına görə “Körpü” jurnalının baş redaktoru Əsəd Cahangir və qurumun tədbirlərində fəal iştirakına görə Namazəli Məmmədov “San yarlığı”na layiq görülmüşlər.
Qaliblər mükafata görə təşəkkürlərini bildirmişlər.