SİYASƏT
Türkiyəli ekspert: Azərbaycanın Vətən müharibəsində Zəfəri Türk dünyasının hər bir ölkəsinin təntənəsidir
Ankara, 5 iyun, AZƏRTAC
Cənubi Qafqazda Azərbaycanın mərkəzində yerləşdiyi geosiyasi qüvvələrin keyfiyyətcə yeni balansı yaranıb. Türkiyə də regional proseslərə fəal töhfə verir.
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyə Strateji və Siyasi Tədqiqatlar Vəqfinin (TÜRPAV) İdarə Heyətinin üzvü Sinan Demirtürk deyib.
Demirtürk qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın administrasiyası yeni status-kvonu tanımağa məcburdur, bunu İrəvanın Bakı ilə sülh sazişi üzrə danışıqlarda iştirakı faktının özü də sübut edir. “Paşinyan 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış qüvvələr balansındakı dəyişikliyi etiraf etməyə məcburdur və bununla da Qarabağ bölgəsinin Azərbaycana məxsus olduğunu qəbul edir”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.
Ekspert bildirib ki, dörd il əvvəl Azərbaycanla sərhəddə, o cümlədən Tovuz rayonu ərazisində təxribatlar törədən Ermənistan ordusu artıq Azərbaycan torpaqlarından çıxarılıb. “Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqları işğaldan azad edərək inamlı Qələbə qazanıb. Cənubi Qafqazda keyfiyyətcə yeni qüvvələr balansı yaranıb ki, bu da Ermənistanda müəyyən radikal dairələr, eləcə də Paşinyanın kursunu tənqid edən erməni diasporu arasında narazılıq yaradır. Bütün bunlar Azərbaycanın tarixi Zəfərinin nəticəsidir”, - deyə Demirtürk vurğulayıb.
Ekspert Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması ilə bağlı kursunu yüksək qiymətləndirib. “Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası istiqamətində aparılan səylər öz bəhrəsini verir və bu, bizi sevindirməyə bilməz”, - deyə Demirtürk qeyd edib.
TÜRPAV nümayəndəsi diqqəti Azərbaycanın Ermənistan üzərində Zəfərinin türk dövlətləri arasında əlaqələrin genişlənməsinə töhfə verməsinə də çəkib.
Onun sözlərinə görə, region ölkələrinin sosial-iqtisadi inkişafı üçün mühüm stimullar Asiya ilə Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və onun tərkib hissəsi olacaq Zəngəzur dəhlizidir.
Demirtürk deyib: “Transxəzər dəhlizinin əhəmiyyəti artır ki, bu da bütün Türk dünyasının nüfuz və qüdrətinin artmasına xidmət edir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri Türk dünyası ölkələrinin hər birinin təntənəsidir”, - deyə ekspert vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara