TÜRKİYƏNİN BAŞ NAZİRİNƏ BEYNƏLXALQ MÜKAFAT TƏQDİM EDİLMİŞDİR
Xəzər İnteqrasiya İşgüzar Klubunun prezidenti və baş icraçı direktoru Telman Əliyev mərasimdə bildirdi ki, Prezident İlham Əliyevin 2002-ci ildən fəxri sədri olduğu bu klub ən iri və dinamik inkişaf edən regional qurumdur, öz sıralarında 30 ölkənin 200-dən çox şirkət və təşkilatını birləşdirir, Xəzər dənizi-Qara dəniz regionu dövətlərinin ərazisində fəaliyyət göstərir.
Klubun prezidenti dedi ki, Türkiyənin Baş naziri bu mükafata qurumun 30 ölkənin Xəzər dənizi-Qara dəniz və Baltik dənizi regionlarında işləyən 1500 şirkətinin top-menecerləri və orta pillə menecerləri arasında keçirilmiş ekspert sorğusunun nəticələrinə əsasən layiq görülmüşdür. Sorğu 2005-ci il iyulun 15-dən dekabrın 15-dək olan dövrdə keçirilmişdir.
Telman Əliyev xatırlatdı ki, mükafat Xəzər İnteqrasiya İşgüzar Klubu və həmin regionun XİN-ləri tərəfindən 2002-ci ildə təsis olunmuşdur. 2005-ci il iyulun 4-də Bakıda mükafatın təntənəli surətdə təqdim edilməsi mərasimi keçirilmişdir. Mükafat Xəzər dənizi-Qara dəniz və Baltik dənizi regionları ölkələrinin ali siyasi və ictimai xadimlərinə təqdim edilir. Əvvəlki illərdə müxtəlif nominasiyalarda mükfata Azərbaycanın ümummilli lideri Heydər Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva layiq görülmüşlər.
Mükafata görə klubun üzvlərinə təşəkkür edən Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkənin energetika sahəsində əməkdaşlığının daha da genişlənəcəyinə əmin olduğunu söylədi. O vurğuladı ki, enerji ehtiyatları ilə zəngin olan Xəzər regionunun bütün dünya üçün böyük strateji əhəmiyyəti var. Türkiyə hökumətinin başçısı cari ilin axırlarında istifadəyə veriləcək Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də böyük əhəmiyyəti olduğunu bildirdi.
Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov da iştirak edirdi.