ÜAK-DA AKTUAL MÖVZUDA “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
Görüş iştirakçıları Rusiyanın əmək miqrantlarına dair siyasətini, habelə beynəlxalq münasibətlərin hazırkı səviyyəsini nəzərdən keçirərək, əmək miqrantlarına qarşı gərginliyin artması meyillərindən və ksenofobiya əhvali-ruhiyyəsinin qızışdırılmasından narahat olduqlarını diqqətə çatdırmışlar. Bildirilmişdir ki, Rusiya Federasiyası hökumətinin bu qərarı 2007-ci il yanvarın 15-dən qüvvəyə minir və hakimiyyət orqanlarının miqrasiya proseslərində qayda-qanun yaratmaq hüququ var. Lakin miqrantlara qarşı bir çox repressiya faktları qeydə alınmışdır və məmurların özbaşınalığından minlərlə insan əziyyət çəkə bilər. Qeyd olunmuşdur ki, qərar kifayət qədər ölçülüb-biçilmədən, emosiyalara qapılaraq qəbul edilmişdir və cəmiyyətdə arzuolunmaz nəticələrə gətirib çıxara biləcək etnofobiyanı qızışdırır. Diaspor təşkilatları nümayəndələrinin ümumi rəyinə görə, pərakəndə satış bazarlarında fəaliyyət imkanının məhdudlaşdırılmasına dair hökumətin qərarı beynəlxalq normalara ziddir və ümumilikdə insan hüquqlarına ziyan vurur.
Görüş iştirakçıları yaranmış vəziyyətdən ən müxtəlif çıxış yolları, o cümlədən Rusiya rəhbərliyinə qərarın qüvvədən salınması haqqında müraciət ünvanlanmasından tutmuş etnik icmaların dövlət hakimiyyət orqanları, habelə bələdiyyələr ilə sosial tərəfdaşlığının yaradılmasınadək müxtəlif təkliflər irəli sürmüşlər. Rusiya İctimai Palatasını bu məsələnin həllinə fəal surətdə qoşmaq, ticarət işçilərinin ixtisasının dəyişdirilməsi ilə məşğul olmaq kimi təkliflər də irəli sürülmüşdür.
Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada işləyən həmvətənlərimizin müdafiə edilməsi məqsədi ilə vətəndaşlarımızın problemləri ilə məşğul olacaq xüsusi komissiya yaradılması haqqında sərəncam imzalamışdır. ÜAK azərbaycanlı miqrantların Rusiya ərazisində yaşadıqları yerlərdə yaranan məsələlərin operativ həlli üçün mobil qərargahların təşkilinə dair Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə danışıqlar aparır.