ÜAK İLƏ YEKUN VURMUŞDUR
Moskva, 12 yanvar (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev bildirmişdir ki, 2008-ci il Rusiyadakı Azərbaycan diasporu üçün uğurlu və məhsuldar olmuşdur. Ötən il ÜAK ümummilli xarakterli, habelə Rusiya-Azərbaycan münasibətlərinə təkan verən bir sıra tədbirlər keçirmişdir. Təşkilat Rusiya Prezidentinin seçkiləri ilə əlaqədar tədbirlərdə fəal iştirak etmişdir. Azərbaycanlılar Dmitri Medvedevin namizədliyini dəstəkləmişlər. Konqres Azərbaycan Prezidentinin seçkiləri ərəfəsində də soydaşlarımızla ciddi iş aparmış, bunun sayəsində Rusiyada yaşayan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə səs vermişlər.
E.Quliyev demişdir: “Eyni zamanda, 50-yə yaxın azərbaycanlı gənc ÜAK xətti ilə Rusiya ali məktəblərinə daxil olmuşdur. Bu, böyük uğurdur. Rusiyada heç bir ictimai təşkilatın bu cür imkanları yoxdur. Bizim üçün bu imkanı Azərbaycanın Təhsil Nazirliyinin dəstəyi ilə Rusiya Təhsil Nazirliyi yaratmış, azərbaycanlı abituriyentlər üçün kvota ayırmışdır. Hazırda təqribən 90 oğlan və qız Rusiya ali məktəblərində təhsil alır”.
ÜAK-ın icraçı direktoru qeyd etmişdir ki, konqres həm Azərbaycan, həm də Rusiya prezidentlərinin administrasiyaları ilə işgüzar münasibətlər qurmuşdur. E.Quliyev demişdir: “Bu, diasporumuzun, Rusiyada yaşayan vətəndaşlarımızın problemlərinin həllində bizə kömək edir. Biz dəstəyə görə təşəkkürümüzü bildirir və ümid edirik ki, işgüzar əlaqələr 2009-cu ildə də davam etdiriləcəkdir ”.
E.Quliyev millətlərarası münasibətlərə də toxunaraq demişdir: “ÜAK Moskvada neofaşistlərin irqçi yönümlü hərəkətlərini kəskin surətdə pisləyir. Moskva hökuməti və Rusiyanın digər icra orqanları bizi dəstəkləyir, ancaq təəssüf ki, hələlik bu, vəziyyətə əsaslı təsir göstərməmişdir. Son hadisələr göstərir ki, Rusiya gəncləri arasında irqçilik və şovinizm təzahürləri artır. Biz Rusiya hakimiyyət orqanları ilə birlikdə neofaşistlərə qarşı bütün tədbirlərdə iştirak edirik”.
Eldar Quliyev Konqresin 2009-cu il üçün planlarından danışaraq bildirmişdir ki, bu il təşkilat üçün çox əhəmiyyətlidir. Oktyabr ayında ÜAK-ın növbəti qurultayı keçiriləcəkdir. O demişdir: “Qurultay ərəfəsində yerlərdə fəal iş aparılır. Rusiyanın 73 regionunda fəaliyyət göstərən bölmələrimizdə hesabat yığıncaqları keçirilir, ilə yekun vurulur, gələcək planlardan danışılır”.