Üç ildir axtarışda olan Oman vətəndaşı saxlanılıb
Bakı, 13 iyul, AZƏRTAC
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci ildən axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Oman Sultanlığının vətəndaşı Zakariya Abdullah Hassan Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasına baxmayaraq, o, məsuliyyətdən yayınmağa cəhd edib. Belə ki, 3 ilə yaxın müddətdə paytaxtda, eləcə də respublikanın digər bölgələrində gizlənməyə çalışıb.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri Bakı şəhərində müəyyən edilərək saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.