UEFA Avropa Liqası: 1/16 final mərhələsi 15 matçla davam edəcək
Bakı, 18 fevral, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, on beş oyundan yeddisinə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Növbəti səkkiz qarşılaşma isə saat 00:05-də başlayacaq.
Gecə start götürəcək qarşılaşmalar arasında azərbaycanlı azarkeşlərin ən çox maraqla gözlədiyi “Qalatasaray”-“Latsio” oyunu olacaq. Türkiyə Superliqasında işləri qaydasında getməyən “Qalatasaray” Roma təmsilçisinə öz meydanında qalib gələrək uğursuz seriyaya son qoymaq niyyətindədir. Əsas forvardı Burak Yılmazı Çin klubuna satan “sarı-qırmızılar”ın hücum xəttində zədədən dönən Podolski ilk onbirlikdə yer alacaq. Beynəlxalq arenada 266-cı oyununa çıxacaq “Qalatasaray” İtaliya klubları ilə 22 dəfə qarşılaşıb. İstanbul komandası bu matçlardan yeddisindən qalib ayrılıb, səkkizində isə bərabərə qalmaqla yeddi dəfə məğlub olub.
Digər görüşlərdə “Anderlext” (Belçika) - “Olimpiakos” (Yunanıstan), “Borussiya” (Dortmund, Almaniya) - “Porto” (Portuqaliya), “Fiorentina” (İtaliya) - “Tottenhem” (İngiltərə), “Midtyulland” (Danimarka) - “Mançester Yunayted” (İngiltərə), “Sevilya” (İspaniya) - “Mölde” (Norveç), “Sent-Etyen” (Fransa) - “Bazel” (İsveçrə), “Vilyareal” (İspaniya) - “Napoli” (İtaliya), “Auqsburq” (Almaniya) - “Liverpul” (İngiltərə), “Marsel” (Fransa) - “Atletik” (İspaniya), “Şaxtyor” (Ukrayna) - “Şalke” (Almaniya), “Syon” (İsveçrə) - “Braqa” (Portuqaliya), “Sparta” (Çexiya) - “Krasnodar” (Rusiya), “Sportinq” (Portuqaliya) - “Bayer” (Almaniya), “Valensiya” (İspaniya) - “Rapid” (Avstriya) münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, bu mərhələ çərçivəsində ilk oyun iki gün əvvəl İstanbulda “Fənərbaxça” və “Lokomotiv” arasında oynanılıb - 2:0.