DÜNYA
Ukraynanın Sumı vilayətində sərt məhdudiyyətlər tətbiq edilir
Kiyev, 13 avqust, AZƏRTAC
Ukraynanın Sumı vilayətinin sakinləri üçün yeni məhdudiyyətlər tətbiq edilir. Bu qərar hərbi əməliyyatların intensivləşməsi və Rusiya diversiya-kəşfiyyat qruplarının fəallığının artması ilə əlaqədar hərbi komandanlıq tərəfindən qəbul edilib.
AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalına istinadla xəbər verir.
Sumı rayonunun 20 kilometrlik sərhəd zolağında bütün vətəndaşların gediş-gəlişinə məhdudiyyətlər tətbiq edilib. Göstərilən əraziyə giriş yalnız bu zonada yaşayış yeri qeydiyyatı haqqında müvafiq qeyd olan Ukrayna vətəndaşı pasportunuz olduqda həyata keçiriləcək.
Baş Qərargah vətəndaşları müvəqqəti məhdudiyyətləri başa düşməyə çağırır, çünki onlar təhlükəsizliyin təmin edilməsi və Rusiya Federasiyasından mümkün təhlükələrdən qorunmaq üçün zəruridir.
Qeyd olunur ki, bu tədbirlər müvəqqəti xarakter daşıyır və regionda vəziyyət sabitləşənə qədər davam edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev