Ulu Öndər demokratik cəmiyyət quruculuğu prosesində gənclərin roluna həmişə xüsusi önəm verib
Zaqatala, 17 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərin özünəməxsus rol oynadığının şahidi olarıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə aprelin 17-də rayon Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev Azərbaycan gəncliyinin ilham mənbəyidir” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra Ümummilli Liderə və şanlı Zəfər tariximizə həsr olunan sərgiyə baxış olub.
Rayon rəhbərliyinin, ziyalıların, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransın əvvəlində Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilib.
Konfransda Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimovanın “Heydər Əliyev Azərbaycan gəncliyinin ilham mənbəyidir” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, gənclər cəmiyyətin aparıcı təbəqəsi, gələcəyidir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə xüsusi diqqət və qayğı göstərməlidir. İctimai-siyasi və mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu Öndər Heydər Əliyev demokratik cəmiyyət quruculuğu prosesində gənclərin roluna həmişə xüsusi önəm verib. Ümummilli Lider gənclərlə bağlı məsələləri hər daim öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib.
Konfransda, həmçinin rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimovun “Heydər Əliyev və Azərbaycan gəncliyi”, rayon Polis Şöbəsinin məsul əməkdaşı Elşən Ramazanovun “Heydər Əliyev və Azərbaycan polisi”, Təhsil sektorunun nümayəndəsi Ceyran Əmirovanın “Heydər Əliyev və Azərbaycan təhsili”, Mərkəzi Xəstəxananın həkim-terapevti Aysel Şabanovanın “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzularında məruzələri dinlənilib.