Ümummilli liderin anadan olmasının 94-cü ildönümü Kubada qeyd edilib
Bakı, 10 may, AZƏRTAC
Azərbaycanın Kubadakı səfirliyi tərəfindən Havana şəhərində “Amerika Evi” İctimai Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Xalqın xilaskarı” adlı ictimai tədbir keçirilib.
Azərbaycanın Kubadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Havanada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kuba XİN-in rəsmiləri, müxtəlif hökumət qurumlarının və Kubanın yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov hər il bu tarixin Azərbaycan xalqı tərəfindən böyük ehtiramla anıldığını bildirib, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs edib. Bu xüsusda, SSRİ dövründə müxtəlif sahələrdə Azərbaycanın inkişafının təmin edilməsi, habelə müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin xalqımız qarşısında müstəsna tarixi xidmətlərindən danışılıb.
Azərbaycanın müstəqillik tarixindən və 20 Yanvar faciəsinin başvermə səbəblərindən söz açan C.Salehov SSRİ rəhbərliyinin ölkəmizin ərazi bütövlüyünün pozulmasına yönəlmiş erməni təcavüzünə dəstək verdiyi ağır bir dövrdə ulu öndər Heydər Əliyevin öz həyatını təhlükə qarşısında qoyaraq atdığı qətiyyətli addımlardan bəhs edib. C.Salehov Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti, bu təcavüzün nəticələri barədə məlumat verib. Bildirib ki, ölkəmiz üçün ən ağrılı məqamlarda məhz müdrik dövlət xadimi Heydər Əliyevin sarsılmaz iradəsi, uzaqgörən siyasi strategiyası və qətiyyətli qərarları sayəsində Azərbaycanın dövlətçiliyini qoruyub saxlamaq və gələcək inkişafı üçün möhkəm zəmin yaratmaq mümkün olub.
C.Salehov, həmçinin müasir dövrdə Azərbaycanın sürətlə artmaqda olan beynəlxalq əhəmiyyətindən söz açıb. Ölkəmizin müxtəlif sahələrdə nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyi diqqətə çatdırılıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf yolunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbir zamanı C.Salehov Böyük Vətən müharibəsində əldə edilmiş qələbənin növbəti ildönümünün Azərbaycanda da qeyd edildiyi barədə məlumat verib. Azərbaycan xalqının bu qələbənin əldə edilməsi yolunda verdiyi töhfə və qurbanlardan söz açılıb, ölkəmizdə Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinin ehtiramla yad edildiyi və müharibə veteranlarına dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərildiyi qeyd edilib. Bildirilib ki, gənc nəslin öz tarixinə hörmətlə yanaşaraq vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün 9 May - Qələbə Günü ilə bağlı dəyərlərin müstəqil Azərbaycanda yaşadılması da məhz ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolun davamıdır.
Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.