Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yarış Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
İntellektual oyunda İqtisadiyyat Nazirliyinin strukturlarının və tabeliyindəki qurumların əməkdaşlarından ibarət 31 komanda iştirak edib. Üç mərhələdən ibarət yarışda iştirakçılar müxtəlif mövzularda suallara cavab tapmağa çalışıblar.
Qeyd edək ki, intellektual oyunun təşkilində məqsəd əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsi, onların bilik, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılmasıdır.