İQTİSADİYYAT
“Unibank Kommersiya Bankı”nın istiqrazları investorlar üçün münbit mühit formalaşdıracaq

Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Bakı Fond Birjasında (BFB) "Unibank Kommersiya Bankı" ASC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədilə “Ticarətə Başlama Zəngi” mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ümumi dəyəri 20 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
BFB-nin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Unibank Kommersiya Bankı" ASC-nin birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaq.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədilə “Ticarətə Başlama Zəngi” çalınıb və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.