Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb
Naxçıvan, 12 mart, AZƏRTAC
Muxtar respublikanın dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (203 nəfər), Dövlət Statistika Komitəsi (95 nəfər), Təhsil Nazirliyi (67 nəfər) və Maliyyə Nazirliyi (37 nəfər) üstünlük təşkil edib.
Namizədlərin bu mərhələyə hazırlaşmaları üçün vakant vəzifələr üzrə müsahibə proqramları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilib. Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilib. Bu mərhələdə obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edib, müsahibə prosesinin videoçəkilişi aparılıb. Müsahibənin nəticələri haqqında məlumatlar gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilib.
Qeyd edək ki, 23 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 225 vakant vəzifənin tutulması üçün 574 namizəd sənəd təqdim etmişdi. Test mərhələsində müvafiq keçid balını toplamış 269 namizəddən 266-sı və əvvəlki müsabiqələrdə sertifikat alan 20 namizəd müsahibə mərhələsində iştirak etmək üçün sənəd vermişdi. Müsahibə mərhələsində 213 namizəd iştirak edib və 62 nəfər uğur qazanıb. Onların 24-ü qadın, 38-i kişi, 58-i isə gəncdir. Həmin şəxslərin sənədləri vakant vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarına göndərilib.