VERGİLƏR NAZİRLİYİNİN KEÇİRDİYİ HƏVƏSLƏNDİRİCİ LOTEREYANIN ŞƏRTLƏRİ SADƏLƏŞDİRİLMİŞDİR
Bir kupon almaq üçün ümumən 40 manatlıq azı 20 çek almaq lazımdır. Bundan əlavə, çeklərin yığıldığı müddət də bir ayadək azaldılmışdır. Əvvəlki lotereya zamanı çeklər 3 ay ərzində yığılırdı və 500 manatlıq hər 100 çekə cəmi bir kupon verilirdi. R.Məmmədovun fikrincə, şərtlərin dəyişdirilməsi əhalinin xeyli hissəsinin iştirakını stimullaşdırır.
Çeklər yaşayış və iş yerindən aslı olmayaraq, Bakı Şəhər Vergilər İdarəsinin üç filialına, 12 ərazi vergilər idarəsinə, Naxçıvan Muxtar Respublikasının vergi orqanlarına təhvil veriləcəkdir.
Birinci lotereyada bir avtomaşınla yanaşı, məişət texnikası da oynanılırdı. İndi isə son mükafatlar pulla əvəzlənmişdir. Həvəsləndirici lotereyanın tirajları hər ayın 20-də Azərbaycan televiziyasında keçiriləcəkdir.
Nazirliyin nümayəndəsi demişdir ki, lotereyanın keçirilməsi dövlət büdcəsinə sadələşdirilmiş vergi ödəmələrinin artmasına kömək etmişdir, çünki ticarət obyektləri və xidmət sahəsi sadələşdirilmiş vergi sisteminin ödəyiciləridir. Bu ilin birinci rübündə vergiödəmə proqnozu 93,8 faiz idisə, birinci yarım ilin nəticələrinə əsasən 100 faizdir.