Vətən müdafiəçilərinin hüququ maarifləndirilməsinə dəstək
Bakı, 14 avqust, AZƏRTAC
Vəkillər Kollegiyası, “Modern İnkişaf və Ailə” İctimai Birliyi, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı ilə birgə şəhid ailələrinin və Vətən müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək proqramına uyğun olaraq hüquqi maarifləndirmə sahəsində görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə hökumət və qeyri-hökumət qurumlarının rəsmiləri və nümayəndələri, şəhid ailələri, vətən müharibəsi qaziləri və iştirakçıları, Vəkillər Kollegiyasının üzvləri iştirak ediblər.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Görüşdə “Modern İnkişaf və Ailə” İB-in sədri Zərifə Quliyeva, Nərimanov Rayon İcra Hakimiyyətinin müavini İradə Muradova, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxış edərək Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasının dövlət siyasətində əsas vəzifələrdən biri olduğunu, onların qayğı və problemlərinin həllində hüquqi maarifləndirmənin vacibliyini qeyd edib, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və qazilərə ödənişsiz hüquqi xidmət göstərilməsi istiqamətində işlərin davamlı olacağını və bu sahədə Vəkillər Kollegiyası üzvlərinin maariflənmə işlərinin aparılmasında həmin təbəqədən olanlara dəstək olacaqlarını bildiriblər.
Şəhid ailələri və vətən müharibəsi əlilləri ilə keçirilən görüşdə hüquqi maarifləndirmə istiqamətində diskussiya və müzakirələr aparılıb, çıxışlar dinlənilib.