VLADİMİR SİNYAÇKİN: GƏNC YAŞLARIMDA AZƏRBAYCAN MƏNİM ÜÇÜN HƏMİŞƏ İLHAM MƏNBƏYİ OLMUŞDUR
Masallı, 13 iyul (AZƏRTAC). Rusiya Xalqlar Dostluğu Universitetinin rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Vladimir Sinyaçkin yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın təşəbbüsü, “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin, Rusiya Mədəniyyət Mərkəzinin və Rusiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Masallı rayonunun rus dili müəllimləri üçün təşkil edilmiş üçgünlük seminar-məşğələdə rus dilinin tədrisinin metodikası ilə bağlı mühazirə oxumaq üçün Masallıya dəvət olunmuşdur. AZƏRTAC-ın müxbiri rusiyalı qonaqla görüşərək, ondan müsahibə almışdır.
V.Sinyaçkin demişdir:
- Gənc yaşlarımda Azərbaycan mənim üçün həmişə ilham mənbəyi olmuşdur. Orta məktəbdə oxuduğum illərdə universitetdə təhsil almağı arzulamışam. Yaşadığım Volqoqrad şəhərində universitet olmadığı üçün mən Bakı şəhərində, Azərbaycan Dövlət Universitetində təhsilimi davam etdirmək qərarına gəldim.
- Niyə məhz Azərbaycan Dövlət Universitetində?
- SSRİ məkanında yalnız əhalisi 1 milyon olan şəhərlərdə universitetlər fəaliyyət göstərirdi. Mən başqa şəhərdə də təhsil ala bilərdim. Ancaq Şərq dillərini öyrənməyə həvəsim məni Bakıya gətirdi. Çox təəssüf ki, universitetə qəbul ola bilmədim. O vaxt mən Salyan rayonunun Şorsulu kəndində tanışlarımızın evində qalırdım. 32 ildən sonra mənə köhnə tanışlarımla yenidən görüşmək qismət oldu.
Moskvadakı Xalqlar Dostluğu Universitetində oxuduğum zaman tələbə yoldaşlarım və turistlərlə birgə Bakıda olmuşam. İki il əvvəl isə Bakı və Gəncə şəhərlərində rus dili müəllimləri üçün keçirilən seminarlarda mühazirə oxumaq üçün Azərbaycana gəlmişdim.
- Yəqin Masallı rayonunda ilk dəfə olursunuz? Rayon haqqında təəssüratınızı bilmək istərdik.
- Masallı çox gözəl yerdir. Burada təbiətin qoynunda özümü rahat hiss edirəm. Rus dilində danışdığımız üçün özümü qonaq hesab etmirəm. Bütün azərbaycanlılara mənim salamımı çatdırmağı xahiş edirəm.
######