Xaçmazda müəllimlərin işə qəbulu üzrə müsabiqədə 324 nəfər iştirak edib
Xaçmaz, 11 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanların birinci günündə riyaziyyat, fiziki tərbiyə və kimya fənləri üzrə 324 nəfər müəllim iştirak edib.
Müəllimlərin işə qəbulu müsabiqəsinin əsas məqsədi savadlı və bacarıqlı müəllimlərin seçimidir. Müsabiqə peşəkar və mütəxəssis müəllimləri tapmağa imkan verir ki, bu da öz növbəsində tədris prosesindəki effektivliyi artırmağa kömək edir. Həmçinin müsabiqə yeni məzun olmuş pedaqoji profilli ixtisaslı gənclərin potensiallarını göstərmələrinə imkan verir.
58 minə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.