XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN AZƏRBAYCANLILARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ RUSİYADA SƏFƏRDƏDİR
Dekabrın 8-də N.İbrahimov Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşmüşdür. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da iştirak etdiyi görüşdə Rusiya hökumətinin 2006-cı il 15 noyabr tarixli qərarı ilə bağlı müzakirələr aparılmışdır.
Q.Karasin bildirmişdir ki, həmin qərar Rusiya ərazisində yaşayan azərbaycanlılara və digər miqrantlara qarşı yönəlməmişdir. Əsas məqsəd Rusiyada miqrasiya prosesini tənzimləmək və qanuni çərçivəyə salmaqdır. Rusiya tərəfi qərarın icrası zamanı qarşıya çıxacaq bütün problemləri Azərbaycanın müvafiq dövlət və hökumət orqanları ilə birgə əməkdaşlıq çərçivəsində müzakirə və həll etməkdə maraqlıdır. O demişdir ki, 2007-ci il yanvarın 15-dən Rusiya ərazisində miqrantların ticarətlə məşğul olmasına məhdudiyyətlərin tətbiqi ilə əlaqədar bu ölkədə məskunlaşmış soydaşlarımızın problemlərinin həlli istiqamətində iki ölkənin müvafiq dövlət orqanları arasında əməkdaşlıq çox böyük əhəmiyyət daşıyır.
Rusiya ilə Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərinin bütün məsələləri qarşılıqlı əməkdaşlıq çərçivəsində həll etməyə imkan verdiyini vurğulayan N.İbrahimov bildirmişdir ki, Azərbaycan Rusiya Federasiyası hökumətinin qərarının bu ölkədə məskunlaşmış azərbaycanlılara və digər miqrantlara qarşı yönəlmədiyini başa düşür və qərarın icrası zamanı yaranacaq problemlərin hər iki tərəfin birgə səyləri ilə aradan qaldırılacağına əmindir.
Görüşdə Rusiya Federasiyası hökumətinin qərarının icrası ilə bağlı yaranacaq problemlərin həllində bu ölkədəki Azərbaycan diasporunun imkanlarından da istifadə edilməsinin zəruriliyi vurğulanmışdır. Bildirilmişdir ki, azərbaycanlıların yığcam yaşadıqları regionlarda operativ qərargahların yaradılması məqsədəuyğun olardı.
Bundan əlavə, görüşdə Rusiya Federasiyası hökumətinin qərarı ilə bağlı azərbaycanlılar arasında maarifləndirmə işinin aparılmasına dair məsələlər də müzakirə edilmişdir.