Xarkovda Novruz bayramını qeyd etmişlər
Bakı, 19 mart (AZƏRTAC). Xarkov vilayətində yaşayan azərbaycanlılar beynəlxalq Novruz bayramını təntənəli şəkildə qeyd etmək üçün “Bakı” restoranında toplaşmışlar.
AZƏRTAC xəbər verir ki, bayramın təşkilatçısı Xarkov vilayətinin “Dostluq” adlı Azərbaycan-Ukrayna dostluğu cəmiyyəti, sponsoru Ukrayna-Azərbaycan biznes şurası, habelə “Bakı” restoranının müdiriyyətidir.
“Dostluq” cəmiyyətinin üzvləri, Xarkov şəhər sovetinin və Xarkov vilayət dövlət administrasiyasının nümayəndələri, Xarkovun qonaqları və ictimaiyyəti mehriban ailə kimi bir yerə toplaşmışlar.
Bayramı “Dostluq” cəmiyyətinin sədri, texniki elmlər doktoru, professor Murad Ömərov açmışdır. O, toplaşanlara bayram əhval-ruhiyyəsi, möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və bütün istəklərinin gerçəkləşməsini arzulamışdır.
Qonaqlar hamını bayram münasibətilə təbrik etmiş və regionda aktiv fəaliyyətinə görə “Dostluq” cəmiyyətinin idarə heyətinə minnətdarlıqlarını bildirmişlər.
Bayram süfrələri milli yeməklər və şirniyyatla bəzədilmişdi: plov, dolma, lüləkabab, şəkərbura, paxlava və s. Hər masada Novruz bayramının rəmzi olan səməni vardı. Bayramın əsas bəzəyi beynəlxalq və Ümumukrayna festivallarının və forumlarının diplomantı - “Dostluq” Azərbaycan mədəniyyət və təhsil mərkəzinin direktoru Ülviyyə Hüseynovanın rəhbərlik etdiyi “Azərbaycan inciləri” cəmiyyətinin rəqs kollektivinin ifasında nümayiş etdirilmiş Azərbaycan və Ukrayna mahnıları, rəqsləri olmuşdur.
Bu bayramda hökm sürən əhval-ruhiyyə qonaqların Novruz bayramı ilə, habelə Azərbaycan xalqının çoxəsrlik milli ənənələri ilə daha yaxından tanış olmasına imkan vermişdir.