Xocalı faciəsi bəşər tarixində insanlığa sığmayan vəhşiliklərlə törədilmiş soyqırımıdır
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Xocalı faciəsinin qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xocalı faciəsinin bəşər tarixində insanlığa sığmayan vəhşiliklərlə törədilmiş soyqırımı və ən ağır cinayət olduğunu qeyd edib. Xocalıda ermənilərin kimliyindən asılı olmayaraq azərbaycanlı, xüsusilə türk olan hər kəsi amansızlıqla qətlə yetirdiklərini bildirən baş direktorun sözlərinə görə, belə qətliamların törədilməsində məqsəd Azərbaycan xalqının gözünü qorxutmaq və iradəsini sındırmaq idi. Xocalı faciəsindən sonra da xalqımızın başına bir sıra müsibətlərin gətirildiyini qeyd edən Q.Yetirmişli deyib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu cür qırğınların qarşısı alındı.
“Həmin dövrlər Azərbaycan yenicə müstəqilliyini bərpa etmişdi. Ölkənin elə güclü maliyyə imkanları yox idi. Azərbaycan xalqı 30 il beynəlxalq ictimaiyyətdən bu problemin həllində heç bir dəstək görmədi. Beynəlxalq vasitəçilərin də bu illər ərzində işi elə gəlib-getməkdən başqa bir şey deyildi. Ona görə də həmin problemin həllində Azərbaycan xalqı öz sözünü deməli idi və dedi də”.
Baş direktor ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımıza qarşı çoxsaylı qırğınların törədilməsinə baxmayaraq, Azərbaycan xalqının hər zaman işğal altında olan torpaqlarımızın azad olunacağına inandığını bildirib. Professor 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində təkcə ermənilərə deyil, onların dünyadakı havadarlarına da böyük dərs verdiyini qeyd edən RSXM-nin baş direktoru müharibədən sonra Azərbaycanın dünyada artan nüfuzundan da danışıb. O, çıxışında xalqımızın qan yaddaşında olan hadisələri unutmamağı və gələcək nəsillərə ötürülməsinin vacibliyini önə çəkib.
Daha sonra mərkəzin Həmkarlar Təşkilatının üzvü Bəxtiyar Xanputov çıxış edərək Xocalı faciəsinin baş verdiyi ərəfədə Qarabağda gedən hadisələrdən danışıb.
Tədbir Xocalı faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.