SİYASƏT
XOCALI FACİƏSİNİN AĞRISI SƏNGİMƏK BİLMİR
Murmansk, 5 fevral (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Murmansk vilayəti bölməsinin ofisində həmişə canlanma hökm sürür. Buraya daim fikir mübadiləsi aparmaq, müxtəlif mövzularda söhbət etmək, vətənləri barədə məlumat əldə etmək, Bakıda çıxan təzə qəzetlərlə tanış olmaq, sadəcə bir stəkan ətirli çay içmək üçün gəlirlər.
Hazırda burada Azərbaycanın yeni tarixində ən faciəli günlərdən biri - ermənilərin Xocalıda törətdiyi soyqırımı ərəfəsində silsilə tədbirlər planının hazırlanması başa çatmaq üzrədir. ÜAK vilayət şöbəsi rəyasət heyətinin üzvü, “Freqat” ticarət təşkilatının baş direktoru Amil Verdiyev qarşıda duran vəzifələrdən söhbət açaraq, ofisin foyesində qurulmuş, təpədən-dirnağadək silahlanmış erməni millətçi-separatçılarının dinc sakinlərə qarşı törətdiyi qanlı qırğını təsvir edən fotokompozisiya barədə danışmışdır. Buraya gələnlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, onun ölkəmiz üçün ağır nəticələri barədə “Xocalı soyqırımı”, “Qarabağın tarixi barədə qısa məlumat”, “Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri”, “Heydər dühası” və s. kitablarla tanış ola bilərlər.
A.Verdiyev demişdir ki, ötən illərdə olduğu kimi, fevralın 26-sı ÜAK-ın Murmansk vilayətindəki təşkilatlarının hər birində şəhid xocalıların xatirəsi anılacaq və Azərbaycanda yayımlanacaq verilişlərə kollektiv surətdə tamaşa ediləcəkdir. Azərbaycan diasporunun üzvləri soyqırımı qurbanlarının ruhuna dualar oxuyacaq, ehsan süfrəsi açacaqlar. Xalqımızın həyatındakı faciəli günə həsr edilmiş tədbirlərin özəlliyi həm də ondadır ki, bu tədbirlərdə vilayətdə yaşayan müxtəlif millətlərin nümayəndələri də iştirak edirlər. Bizim keçirdiyimiz görüşlərə və xatirə gecələrinə müharibə və əmək veteranları, vilayət və bələdiyyə idarələrinin rəhbərləri, jurnalistlər, yerli gənclər dəvət edilirlər. Qonaqların həmin dəhşətli cinayət barədə düzgün və hərtərəfli məlumatlandırılması üçün bütün lazımi tədbirlər görülür.