XOCALI SOYQIRIMININ 18-Cİ İLDÖNÜMÜ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ QEYD OLUNMUŞDUR
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi XX əsrin ən dəhşətli faciəsi kimi tarixə yazılmış Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı Dubaydakı “Samaya” otelində anma mərasimi keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Elxan Qəhrəmanov 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən Xocalının tamamilə dağıdılması və dinc əhalinin məhv edilməsi barədə danışmışdır. Bildirilmişdir ki, bu ilin yanvarında İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İKT Gənclər Forumu ilə İKT Pİ arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilmişdir. İKT-nin Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülmüş qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Bu qətnamənin surəti səfirlik tərəfindən BƏƏ-nin Xarici İşlər Nazirliyinə göndərilmişdir.
Mərasimdə iştirak edən Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov Ermənistanın azərbaycanlılara qarşı təcavüzü və etnik təmizləmə siyasəti, Xocalı soyqırımını törədənlər və bu faciə nəticəsində öldürülmüş, əsir və girov götürülmüş, itkin düşmüş şəxslər haqqında ətraflı məlumat vermişdir.
Sonda Dövlət Komissiyası tərəfindən hazırlanmış film göstərilmiş, Heydər Əliyev Fondu tərəfindən çap olunmuş və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən kitablar tədbir iştirakçılarına paylanmışdır.
Mərasimdə erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri əks etdirən fotostend təşkil edilmişdir.
Anma mərasimində BƏƏ-də nəşr edilən “The National”, “Al-Bayan” qəzetlərinin və “Aviamost” jurnalının əməkdaşları, bir sıra səfirliklərin nümayəndələri, həmyerlilərimiz iştirak etmişlər.