“Xocalı” tamaşası nümayiş olunub
Bakı, 20 fevral, Aynur İsmayılova, AZƏRTAC
Xətai rayonundakı 265 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Xocalı” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbir Təhsil Nazirliyi Respublika Uşaq Yaradıcılıq Mərkəzi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Yeganə Qurbanova erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan danışıb. Bildirib ki, bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan Xocalı soyqırımında erməni silahlı birləşmələri tərəfindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb. Onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdinova, rayon Gənclər İdarəsinin rəisi Əfqan Rzayev, Uşaq Yaradıcılıq Mərkəzinin şöbə müdiri Yeganə Hüseynova və başqaları Xocalıda baş verən dəhşətlərdən söz açıblar.
Bildirilib ki, Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımları ilə bir sırada duran qanlı hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb.
Sonda Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” uşaq teatrının ifasında şair-publisist, AZƏRTAC-ın müxbiri Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası nümayiş olunub. Əsas qayəsi hamını Xocalını unutmamağa çağırış olan səhnə əsəri böyük maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblıdır.