SİYASƏT
Yalta yaxınlığında qəzada zərər çəkmiş Azərbaycan vətəndaşlarının şəxsiyyəti müəyyən edilmişdir
Bakı, 23 dekabr (AZƏRTAC). Dekabrın 22-də Yalta-Sevastopol trasında (Ukrayna) iki velosipedçini vurmuş avtomobilin sürücüsü hadisə yerindən qaçmışdır. Məlum olmuşdur ki, velosipedçilər Azərbaycan vətəndaşlarıdır.
Krımın Azərbaycanlılar İcmasının başçısı Rəhim Hümbətov qəzada zərər çəkənlərin şəxsiyyətini aydınlaşdırmışdır.
Rəhim Hümbətov AZƏRTAC-a bildirmişdir: “Qəzada iki nəfər Azərbaycan vətəndaşı – 24 yaşlı Nağıyev Elvin Ələsgər oğlu və 17 yaşlı Mustafazadə Fərid Zülfü oğlu zərər çəkmişdir. Yalta şəhər xəstəxanasının cərrahiyyə bölməsində mənə dedilər ki, zərərçəkənlərə tibbi yardım göstəriləndən sonra onlar xəstəxanada qalmaqdan imtina etmişlər. Bu şəxslərin müalicəsinin davam etdirilməsi üçün onlar şəhər poliklinikasına göndərilmişlər”.
Krım Dövlət Avtomobil Müfəttişliyinin (DAM) mətbuat xidmətindən verilən məlumata görə, DAM-ın Yalta şəhər idarəsinin əməkdaşları Sevastopol sakini olan bir qadının idarə etdiyi “Ford Kuga” avtomobilini saxlamışlar. Həmin sürücü dekabrın 22-də yerli vaxtla saat 11.45-də Yalta şəhərində, Yalta-Sevastopol avtomobil yolunda maşını iki velosipedçinin üstünə sürmüş və hadisə yerindən qaçıb gizlənmişdir. Görülmüş tədbirlər nəticəsində sürücünün şəxsiyyəti müəyyən edilmiş və həmin qadın saxlanılmışdır.