Yanğın təhlükəsizliyi ilə bağlı keçirilən taktiki-xüsusi təlim uğurla başa çatıb
Naxçıvan, 12 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi tərəfindən “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində mebel fabriklərində baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi işinin təşkili” mövzusunda keçirilən taktiki-xüsusi təlim başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin 4 avtomobili və ümumilikdə 44 nəfər şəxsi heyəti, “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Zil-130” markalı yanğınsöndürmə avtomobili, 6 nəfərdən ibarət könüllü yanğın komandası cəlb olunub.
Plana uyğun olaraq birinci mərhələdə mebel fabrikində şərti olaraq baş vermiş yanğınların söndürülməsi üzrə komandir-rəis heyətinin irimiqyaslı və mürəkkəb şəraitlərdə yanğınların söndürülməsi üzrə yerinə yetirəcəkləri qərarları dinlənilib. Təlimin ikinci mərhələsi qazanxanada, boya saxlanılan anbarda və istehsalat sahələrində şərti olaraq baş vermiş yanğınların qarşısının alınmasının və söndürülməsinin, yanğın zonasından işçilərin və maddi vəsaitlərin təxliyə edilməsinin, xəsarət alanların xilas edilməsi və onlara ilk tibbi və həkiməqədərki yardımın göstərilməsinin təşkilinə həsr edilib. Həmçinin yanğın zamanı işçilərin tüstüdən və digər zəhərli qazlardan qorunması, sexlərdə yarana biləcək kiçik yanğınların ilkin yanğınsöndürmə vasitələri ilə söndürülməsi də diqqətdə saxlanılıb.
Təlim zamanı fabrikin rəhbər heyətinin yarana biləcək situasiyanın qiymətləndirilməsi və qərarqəbuletmə bacarığı təkmilləşdirilib, Fövqəladə Hallar Nazirliyinin “112” və “101” xidmətləri ilə qarşılıqlı əlaqədə yanğınlara çevik reaksiya verilməsi sualları məşq etdirilib.
Uğurla, təhlükəsizlik qaydalarına tam əməl edilməklə başa çatdırılan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidov təlimdən sonrakı çıxışında qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində bu kimi təlimlərin keçirilməsi davam etdiriləcək, müəssisələrin fövqəladə hallara hazırlığı diqqət mərkəzində saxlanılacaq.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd “Gəmiqaya Mebel Fabriki” MMC-də baş verə biləcək yanğınların söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin əyani şəkildə şəxsi heyətə öyrədilməsi, yanğınsöndürənlərin peşə vərdişlərinin artırılması, fabrikin işçiləri ilə qarşılıqlı əlaqədə fabrikdə şərti baş vermiş yanğınların söndürülməsinin təşkili və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsindən ibarətdir.