Yaponiyada Azərbaycana maraq getdikcə artır
Tokio, 19 iyun (AZƏRTAC). Azərbaycanın Yaponiyadakı səfirliyindən bildirmişlər ki, son illər bu gündoğar ölkədə Azərbaycana maraq getdikcə artır.
Son vaxtlar Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, həmvətənlərimizin bu ölkəyə səfərlərinin intensivləşməsi, səfirlik tərəfindən ölkəmizin tanıdılması istiqamətində atılan addımlar yaponlarda böyük maraq doğurmuşdur. Xüsusən “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili, futbol üzrə Azərbaycan millisinin Şizuokada Yaponiya yığması ilə yoldaşlıq görüşü, otüstü hokkey üzrə qadınlardan ibarət yığma komandamızın Kaqamiqahara şəhərində təşkil olunmuş Olimpiya lisenziyalı turnirə qatılması ölkəmizə marağın kəskin şəkildə artmasına səbəb olmuşdur. Azərbaycana turist kimi səfər edənlərin sayı da durmadan artır.
Azərbaycanın Yaponiyadakı səfirliyi həm ölkəmiz haqqında məlumatların yayılmasına, həm də qədim Odlar Yurduna səfərə getməyə can atanlara hər cür yardımçı olmağa çalışır. Yaponiyada geniş yayılan “Nikkei” jurnalının son vaxtlar nəşr olunmuş müxtəlif nömrələrində Bakı şəhərinin turizm obyektləri, Naxçıvandakı “Duzdağ” fizioterapevtik mərkəzi və Naftalanın müalicəvi nefti haqqında geniş məqalələr dərc edilmişdir.
Yaponiyanın ən nüfuzlu televiziya kanallarında da Azərbaycan ilə bağlı verilişlər hazırlanır. Həmin verilişlərdə ölkəmizin turizm potensialı, qədim tariximiz, zəngin mədəniyyətimiz və rəngarəng mətbəximiz haqqında ətraflı məlumatlar veriləcəkdir. Hazırda “Tourism power” konsaltinq şirkətinin veb-saytında Azərbaycan ilə bağlı geniş səhifənin yaradılması istiqamətində iş aparılır və bu addım Yaponiyanın turist şirkətlərini ölkəmizə yönəltmək baxımından xüsusi əhəmiyyətə malikdir.
Yaponiyanın kitab mağazalarında Azərbaycanla bağlı yapon dilində ədəbiyyatın azlığı nəzərə alınaraq, həmin çatışmazlığı aradan qaldırmaq məqsədi ilə tanınmış yapon nəşriyyatı ilə birlikdə ilk dəfə olaraq xüsusi bələdçi kitabı hazırlanır. Bu kitabın yüksək tirajla nəşri və Yaponiyanın bütün bölgələrindəki kitab mağazalarına göndərilməsi nəzərdə tutulur.
Cari ilin mayında bir neçə turist şirkəti rəhbərlərinin Azərbaycana turlarının təşkil edildiyi, həmin şirkətlərdən ikisinin ölkəmizə artıq öz turlarının təşkilinə başladığı da bildirilmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio