Yaylaq mövsümünün başlaması ilə əlaqədar Daşkəsəndə müşavirə keçirilib
Daşkəsən, 12 mart, Rauf Hacıyev, AZƏRTAC
Yaylaq mövsümünün başlaması ilə əlaqədar Daşkəsəndə müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə çıxış edən Əhəd Abıyev Nazirlər Kabinetinin 2013-cü il 21 iyun tarixli 156 nömrəli Qərarına əsasən dövlət fondu yay otlaq sahələrinin səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi məqsədilə otlaq sahələrinin hər bir rayonun özünə aid edildiyini bildirib. O cümlədən də Daşkəsən rayonu ərazisində olan yay otlaqlarının istifadəsinə nəzarət aidiyyəti üzrə Daşkəsən Rayon İcra Hakimiyyətinə verilib.
Həmin qərarın icrası çərçivəsində yay mövsümü ərzində rayon ərazisində olan yay otlaq sahələrinə davarların gətirilməsi ilə əlaqədar Daşkəsən ərazisində yerləşən yay-otlaq sahələrinə gedən keçid yollarda (Gəncə-Daşkəsən şose yolunda, Bayan kəndi ərazisində yerləşən “Gülazar” bulağının yanında, Çovdar kəndi ərazisində yerləşən “Xanımcan” bulağının yanında, Çaykənd kəndi ərazisində) martın 12-dən başlayaraq iyunun 30-dək nəzarət məntəqələri yaradılır.
Vurğulanıb ki, əlavə olaraq bəzi yerlərdən də sürülərin rayona qanunsuz olaraq gətirilməsi hallarına yol verilir və bəzi təsərrüfat sahiblərinin şəxsi marağı səbəbindən həmin təsərrüfatlar uçotdan və nəzarətdən yayındırılmağa çalışılır. Həmin ərazilərdə aidiyyəti sahə inspektorlarının iştirakı ilə yaradılmış işçi qrupları tərəfindən bunun qarşısı alınacaq və həmin sürülər qanunsuz düşdüyü ərazilərdən uzaqlaşdırılacaq.
Diqqətə çatdırılıb ki, əraziyə qanunsuz yolla gətirilən həmin sürülər yerlərdə sakinlərə məxsus əkin sahələrinə, pay torpaqlarına ziyan vurur. Yerli vətəndaşlarla, digər hüquqi və fiziki şəxslərlə qarşıdurmalara, münaqişələrə, məhkəmə çəkişmələrinə səbəb olur. Belə halların qarşısını almaq məqsədilə bu məsələyə çox ciddi yanaşılacaq.
Rayonun yay otlaq sahələrinin keçid ərazilərində yaradılan baytarlıq məntəqələrində və mövsüm ərzində bütün yaylaqlarda asayişin qorunması polis əməkdaşlarının iştirakı ilə təmin ediləcək. Yeni yaradılan baytarlıq məntəqələrinə ayrılan baytar mütəxəssisləri tərəfindən yaylaq mövsümündə heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması məqsədilə keçid məntəqələrində, təsərrüfatlarda heyvanlar arasında bütün xəstəliklər üzrə aparılmış profilaktiki tədbirlərin sənədləri tam yoxlanılmalı, baytar şəhadətnaməsi olmayan sürülərin yaylağa buraxılmasına yol verilməməlidir.
Baytarlıq məntəqəsinə yaxınlaşan hər bir təsərrüfat sahibi şəxsiyyətini təsdiq edən sənədi, 1 nömrəli baytarlıq şəhadətnaməsini, heyvanların baş sayı haqqında arayışı və rayon icra hakimiyyətinin möhürü ilə təsdiq olunmuş və məsul işçisinin imzası ilə verilmiş müvafiq buraxılış vərəqəsini təqdim etdikdən sonra sürülərin yaylaqlara buraxılması təmin edilə bilər.
Sonra fermerlər üçün daha əlverişli şəraitin yaradılması üçün bu sahədə olan mövcud problemlər təhlil edilib və həlli yolları müzakirə olunub.