CƏMİYYƏT
Yeddi saylı Səbail seçki dairəsində növbəti treninq keçirilib
Bakı, 13 avqust, AZƏRTAC
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 13-də 7 saylı Səbail seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvləri üçün treninq təşkil edilib.
AZƏRTAC xəbər verir ki, avqustun 15-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlığının artırılmasıdır. Treninqlərdə ümumilikdə 41 məntəqədən 248 nəfərin iştirakı nəzərdə tutulub.
Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak etmiş Hikmət İsmayılov və Anar Əhmədov aparırlar.
Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması, ümumiyyətlə, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlandırılıb. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və digər zəruri metodiki vəsait, əyani materiallar da verilib.
Treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
7 saylı Səbail dairə seçki komissiyasının sədri Cahangir Məmmədov AZƏRTAC-a müsahibəsində seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə səsvermə prosesinin şəffaf və demokratik qaydada təşkili, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını deyib.
Məntəqələrin seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları ilə təmin edildiyini diqqətə çatdıran C.Məmmədov orada qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, parlament seçkiləri ilə bağlı təlimatların olduğunu da bildirib. O, seçki məntəqələrinin 13-də veb-kameraların quraşdırıldığını da diqqətə çatdırıb.
“Sağlamlıq imkanları məhdud seçicilərimizi də diqqətdə saxlayırıq. Məntəqələrimizdə bu qəbildən olan vətəndaşlar üçün panduslar quraşdırılıb. Seçki məntəqəsinə gələ bilməyən sağlamlıq imkanı məhdud insanlarımızın rahat səs verə bilmələri üçün onların evlərinə daşınar qutular aparılacaq. Onların da səsvermədə iştirakı üçün lazımi şəraiti yaradacağıq”, - deyə C.Məmmədov bildirib.
Dairə seçki komissiyasının sədri bildirib ki, daimi fəaliyyət göstərən məntəqələr üzrə seçici sayı son məlumata görə, 52 min 284 nəfərdir. Daimi fəaliyyət göstərən 41 seçki məntəqəsindən əlavə, Səbail rayonu ərazisində seçkiyə ən geci 5 gün qalmış işə başlayacaq seçki komissiyası da var. Bu, N saylı hərbi hissədir.
C.Məmmədov vurğulayıb ki, bu günədək olan məlumata əsasən, seçkilərdə 800 nəfər ilk dəfə səs verəcək.