YEKATERİNBURQDA HEYDƏR ƏLİYEVİN NURLU XATİRƏSİNƏ HƏSR EDİLMİŞ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğuna istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Sverdlovsk vilayət millətlərarası kitabxanası ilə birlikdə Yekaterinburqda “Azərbaycan və Rusiya: dialoq və əməkdaşlıqda” mövzusunda kitab sərgisi təşkil etmişdir.
Sərginin açılışında Ural Federal Dairəsinin, Azərbaycan diasporunun və gənclər klublarının rəhbərləri iştirak etmişlər.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın müraciətinin mətni oxunmuşdur.
Heydər Əliyev Fondu adından kitabxanaya Rusiyada və Azərbaycanda çap edilmiş 60-dan çox kitab, o cümlədən Azərbaycanın tanınmış şair və yazıçılarının əsərləri, xalq nağılları, Azərbaycanın tarixinə, coğrafiyasına, mədəniyyətinə həsr olunmuş nəşrlər hədiyyə edilmişdir.
Sverdlovsk vilayət millətlərarası kitabxanasının direktoru Tatyana Novopaşina mərasimdə çıxış edərək, bu sərginin açılışını Yekaterinburqun həyatında mühüm hadisə kimi qiymətləndirmişdir. O qeyd etmişdir ki, Heydər Əliyev Fondunun bu hədiyyəsi sayəsində indi kitabxana oxucuları Azərbaycanın tarixini və ədəbiyyatını öyrənmək, Azərbaycan xalqının mədəniyyəti və milli ənənələri ilə tanış olmaq imkanı qazanacaqlar. T.Novopaşina Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinə bu qiymətli hədiyyəyə və “Baku” jurnalına güzəştli abunə olmaq imkanına görə dərin təşəkkürünü bildirmişdir.
Tədbirdə “Görkəmli adamların həyatı” seriyasından Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Heydər Əliyev” və yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” kitablarının təqdimatı da olmuşdur.
Elə həmin gün Yekaterinburqdakı Aktyor evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Qəlbimin bir hissəsi Rusiyadadır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin, Sverdlovsk vilayət hökumətinin daxili siyasət və gənclərlə iş departamentlərinin, Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk vilayətindəki “Azərbaycan” ictimai təşkilatının dəstəyi ilə Ural Federal Dairəsinin Azərbaycanlı gənclər klubları birliyi təşkil etmişdi.
Konfransı giriş sözü ilə Ural Dövlət Dağ-Mədən Universitetinin prorektoru Niyaz Vəliyev açaraq Heydər Əliyevin həyat və fəaliyyətindən, müasir Azərbaycanın tarixində onun rolundan danışmışdır.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın azərbaycanlı gənclərə müraciətinin mətni oxunmuşdur.
Konfransda Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, Ural dairə şurasının sədri Şahin Şıxlinski, Sverdlovsk vilayət hökumətinin daxili siyasət departamentinin rəhbəri Aleksandr Aleksandrov çıxış etmişlər. Onlar bildirmişlər ki, Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda sülh və sabitlik bərqərar olmuş, ölkə davamlı inkişaf, iqtisadi tərəqqi yoluna qədəm qoymuşdur. Ulu öndərin işini indi Azərbaycan Prezidenti İlham Əliyev ləyaqətlə davam etdirir. Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Qüdsi Osmanov vurğulamışdır ki, Heydər Əliyev gənclərin tərbiyəsi məsələsinə həmişə böyük diqqət yetirirdi və bu gün ölkə rəhbərliyi bu ənənəni davam etdirir. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi gənclərin birləşdirilməsi, Azərbaycan mədəniyyətinin Rusiyada təbliğ edilməsi üçün böyük iş aparır. Q.Osmanov demişdir: “Bütün bu tədbirlər xalqlarımızı bir-birinə yaxınlaşdırır, bir-birimizi daha yaxşı tanımağa və başa düşməyə imkan verir, humanitar sahədə Rusiya-Azərbaycan əməkdaşlığına müsbət təsir göstərir”.
Konfrans iştirakçıları Aktyor evinin foyesində Heydər Əliyevə həsr edilmiş fotosərgi və kitab sərgisi ilə tanış olmuşlar.
######
![]() |
![]() |
![]() |


