SİYASƏT
Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir
Bakı, 28 sentyabr, AZƏRTAC
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən təşkilatın İdarə Heyətinin üzvü, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir. Partiya dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək, atdığı addımlarla cəmiyyətdə nüfuzunu daha da artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir.
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının sədri Xıdır İbrahimov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət Azərbaycanın qarşısında yeni-yeni imkanlar açır, hədəflər müəyyənləşdirir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu hədəflərə çatmağa öz töhfəsini verməyə səy göstərir.
Partiyanın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi müstəqil Azərbaycanın tarixində əhəmiyyətli hadisədir. 25 il keçmişə və gələcəyə baxışdır. Azərbaycan düzgün qurulan siyasətin sayəsində inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Azərbaycan bu gün beynəlxalq tədbirlərin keçirildiyi əsas məkana, eyni zamanda, iqtisadi möcüzələr ölkəsinə çevrilib. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən əsas amillər də məhz həmin dövrün reallıqları idi.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır. Möhkəm təməl Azərbaycanın qarşısında geniş imkanlar açır. Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə dövlətin modernləşmə, yeniləşmə siyasətinə dəstəyini təsdiqləyir. Bu gün inkişafın Azərbaycan modelinin mövcudluğunun beynəlxalq səviyyədə təsdiqlənməsi ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətə və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə söykənir.
Bildirilib ki, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası elə yarandığı gündən milyonların sevgisini qazanıb. “Təbii ki, bu sevgi söz və əməl birliyinə əsaslanır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin yaradıcısı və Prezident İlham Əliyevin sədri olduğu YAP regionun aparıcı siyasi təşkilatına çevrilib”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.
Sonra partiya sıralarına daxil olmaq istəyənlərin müraciətlərinə baxılıb.