Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ziyarət edilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsi şəhidi Emil Rafiq oğlu Şamilovun ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid ailəsi bu günlərdə Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində 3 otaqlı mənzillə təmin edilib. Yeni mənzildə keçirilən görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən, qəhrəman Vətən övladlarının, həmçinin Emil Şamilovun göstərdiyi igidlik nümunəsindən danışılıb.
Karate idman növü üzrə dəfələrlə respublika və beynəlxalq səviyyəli turnirlərin qalibi olan E.Şamilov Vətən müharibəsində Cəbrayıl, Füzuli, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi təyinatlı kimi iştirak edib və həmin döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.
Dövlət başçısının sərəncamları ilə E.Şamilov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Görüşdə şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanan V.Behbudov ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanılacağını bildirib. Digər sahələrdə də şəhid ailəsinə dəstək göstərilməsi üçün tədbirlər nəzərdə tutulub.