ZAQATALALILAR XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ ANMIŞLAR
Zaqatala, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Zaqatala rayon Uşaq Yaradıcılıq Mərkəzində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar “Əsrin faciəsi” adlı ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə balaca rəssamların Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. Sərgidə nümayiş etdirilən əsərlərdə uşaqların mənfur düşmənə sonsuz qəzəb və nifrəti açıq şəkildə özünü büruzə verir.
Rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək vəhşiləşmiş erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 18 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələri barədə danışmışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunduğunu bildirən natiq hazırda faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən mühüm addımların atıldığını, dünyanın bir çox ölkəsində bu soyqırımın 18-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin həyata keçirildiyini nəzərə çarpdırmışdır.
Ziyalılar, gənclər, məcburi köçkünlər çıxış edərək ulu öndərimizin Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində yürütdüyü siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmişlər. Məhz bu siyasətin məntiqi nəticəsidir ki, bu gün dünya ictimaiyyəti artıq Xocalı soyqırımının əsl səbəbini və mahiyyətini bilir, erməni terrorçularının törətdikləri vəhşilikləri pisləyirlər.
Tədbirdən sonra rayonda məskunlaşmış Xocalı sakinlərinə yardım göstərilmişdir.