MƏDƏNİYYƏT
Zaqatalaya turist axının sürətlənir
Zaqatala, 17 avqust (AZƏRTAC). Əlverişli iqlim şəraiti, coğrafi mövqeyi, qədim tarixi abidələri, zəngin fauna və florası ilə seçilən Zaqatala rayonunda son illər turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Zaqatala Beynəlxalq Hava Limanının 2008-ci ildə istifadəyə verilməsi burada, eləcə də qonşu rayonlarda turizmin inkişafı üçün əlavə imkanlar açmışdır. Təsadüfi deyildir ki, rayona gələn turistlərin sayında ildən-ilə artım müşahidə olunmaqdadır. Belə ki, 2012-ci ildə rayona 6 minə yaxın turist gəlmişdisə, cari ilin 7 ayında bu göstərici qeyri-rəsmi məlumatlara görə, on minə yaxınlaşmışdır.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva AZƏRTAC-a bildirmişdir ki, hazırda Zaqatalada 10 turizm obyektindən 6-na Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilmişdir. Turizm obyektlərinin 4-də əsaslı təmir işləri aparılır. “Qrata”, “Zaqatala”, “Turqut”, “Göyçə”, “İş” otelləri, “Simurq”, “Ləzzət” istirahət mərkəzlərində turistlərə müasir standartlara uyğun xidmətlər göstərilir. Bu obyektlər artıq yerli və xarici turistlərin rəğbətinin qazanmışdır.
Turizm obyektlərində qiymətlər sutka ərzində bir nəfər üçün 15-80 manat arasında dəyişir. Bu sahədə çalışanların peşəkarlığının artırılması üçün vaxtaşırı təlimlər keçirilir, kurslar təşkil olunur.
Turistləri rayonun görməli yerləri, qədim tarixi abidələri ilə tanış etmək üçün 4 turizm marşrutu müəyyənləşdirilmişdir. Marşrutlar üzrə ekskursiya mətnləri hazırlanmışdır. Zaqatala şəhərindəki IV-V əsrlərə aid Alban məbədi, XIX əsrə aid “Zaqatala qalası”, Car kəndindəki XIV əsrə aid “Cingöz qala”, Yuxarı Çardaxlar kəndindəki V əsrə aid “Pəri qalası”, Mosul kəndindəki minarə, habelə rayonun əsrarəngiz təbiət guşələri, o cümlədən Zaqatala şəlaləsi, Xalxal gölü, Honzoqor dağı, Moorçay, Mazıx kəndində yerləşən şəlalə turistlər üçün böyük maraq kəsb edir. Zaqatala Dövlət Təbiət Qoruğu rayonda ekoturizmin inkişafı üçün böyük əhəmiyyətə malikdir.
Rayonda kənd yaşıl turizm növü daha geniş yayılmışdır. Car, Meşleş, Mazıx, Yuxarı Tala, Yuxarı Çardaxlar kəndlərində turistlər fərdi evlərdə ailəvi istirahət etməyə daha çox üstünlük verirlər. Sadə kənd evlərində qalan turistlər bu yerlərin adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.