ZƏNGİLAN ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 29-da Beynəlxalq Mətbuat Mərkəzində zəngilanlı şəhidlərin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edənlər 1988-1993-cü illərdə Zəngilanda gedən qanlı döyüşlərdən, erməni hərbçilərinin torpaqlarımızda törətdikləri dəhşətli cinayətlərdən danışmışlar. Bildirmişlər ki, Zəngilanda düşmənə qarşı mərdliklə mübarizə aparılmış, Vətənimizin yüzlərlə oğul və qızı düşmənlə döyüşlərdə şəhid və əlil olmuş, itkin düşmüşdür. 1993-cü il oktyabrın 29-da düşmən əlinə keçən Zəngilanda çoxlu təhsil, mədəniyyət və səhiyyə müəssisəsi dağıdılmış, tarixi abidələr viran edilmişdir.
Mərasim iştirakçıları əsrlər boyu torpaqlarımıza göz dikən məkrli düşmənin xəyanətkar niyyətlərinin tezliklə puça çıxarılacağına, Azərbaycan ərazilərinin azad ediləcəyinə, bütün qaçqın və məcburi köçkün soydaşlarımızın doğma yurd-yuvalarına dönəcəklərinə əmin olduqlarını söyləmişlər.