QAN YADDAŞI
20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub
Bakı, 19 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı ardıcıl fəaliyyəti” mövzusunda tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə məlumat verib. Bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləyib. Qeyd edib ki, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun göstərişi ilə xüsusi səfərbər edilmiş hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir neçə rayonuna yeridilərək xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə dinc əhaliyə divan tutulub.
20 Yanvar faciəsinin mahiyyəti ilə əlaqədar həqiqi qiyməti ilk dəfə Moskvada Ümummilli Lider Heydər Əliyevin verdiyini bildirən M.Həsənov diqqətə çatdırıb ki, hadisənin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn Ulu Öndər mətbuat konfransı keçirib, doğma xalqı ilə həmrəyliyini nümayiş etdirib, qatilləri lənətləyən bəyanatla çıxış edib. Bu aksiyanı antihumanist, antidemokratik və hüquqazidd sayıb. Dahi şəxsiyyət tələb edib ki, tərəqqipərvər bəşəriyyət Azərbaycan xalqına qarşı edilmiş bu cinayəti törədən insanların cəzalandırılması üçün addımlar atsın.
Digər çıxış edənlər faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin dövlət qayğısı ilə əhatə olunduğunu bildiriblər.
Vurğulanıb ki, hazırda Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən 2023-cü il yanvarın 1-dən 20 Yanvar şəhidinin ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği artırılıb.
Sonda “Bir mətbuat konfransının tarixi” adlı sənədli film nümayiş olunub.