Qazi İlqar Əliyev: Sağ olsun dövlətimiz, mənə hər cür dəstək olur VİDEO
Lənkəran, 1 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Onlardan biri də Vətən müharibəsi qazisi İlqar Əliyevdir. O, Lənkəranda 3 otaqlı mənzillə təmin olunub.
AZƏRTAC xəbər verir ki, dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunan Vətən müharibəsi qazisi İlqar Əliyevin ailəsi ötən ildən yeni mənzildə yaşayır.
Öt kökü üstə bitər deyiblər. Qazimizin atası Xanlar kişi Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Elə İlqarın düşmənə olan sonsuz nifrəti də ona atasından keçib. Uşaq yaşlarından Qarabağ torpaqlarının azad olunacağı və düşməndən qisas alınacağı günü gözləyib.
Vətən müharibəsi başlayanda İlqarın sevinci yerə-göyə sığmayıb. Lənkərandan müharibəyə könüllü gedən qəhrəmanımızın döyüş yolu Kəlbəcər, Füzuli, Cəbrayıl və Xocavənddən keçib. Müharibə günlərindən qürurla danışan İlqar bildirib ki, sağlamlığında problem olmasına baxmayaraq, Vətənin harayını cavabsız qoya bilməzdi: “Oktyabrın 5-də ilk döyüş əmrini Kəlbəcər-Ömər aşırımı istiqamətində aldım. Daha sonra Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərə qatıldım. Cəbrayılın üç kəndi, Füzulinin Qacar, Dilağarda, Yuxarı Veysəlli, Aşağı Veysəlli kəndləri, Xocavəndin isə Tuğ kəndində döyüşlərdə iştirak etmişəm. Döyüşlərdə şəhidlərimiz, qazilərimiz oldu, amma hər birinin qisası alındı. Düşmən qarşımızda tab gətirə bilmirdi, onları iti qovan kimi qovurduq”.
İlqar 2020-ci il noyabrın 1-də Xocavənd istiqamətində düşmən mərmisinin dalğasından kəllə-beyin travması alsa da, döyüş meydanından çıxmayıb. O, yaralı halda dörd gün düşmənə qarşı döyüşüb. Noyabrın 5-də isə döyüş meydanından təxliyə olunub.
Vətən müharibəsi qazisinin müalicəsi üçün dövlət tərəfindən lazımi dəstək göstərilib. Hazırda onun sağlamlığı qismən bərpa olunub.
“Üç azyaşlı uşağım var - Əli, Əbülfəz, Xanlar. Müharibədən əvvəl kirayədə qalırdım. Sağ olsun dövlətimiz, mənə hər cür dəstək olur. Prezidentimiz məni üçotaqlı evlə təmin edib, təqaüd ayrılıb. Orden və medallarla da təltif olunmuşam. Müalicəmi də davam etdirirəm. Heç bir çətinliyim yoxdur. Allah Prezidentimizə uzun ömür versin”, - deyə İlqar Əliyev bildirib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-ci il avqustun 21-də Lənkəran rayonunda 45 mənzilli yaşayış binası tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin və qazilərimizin istifadəsinə verilib. Hazırda yeni binada iki 1-ci Qarabağ müharibəsi, 39 Vətən müharibəsi şəhidi ailəsi, 4 Vətən müharibəsi əlili yaşayır.