3 mart - Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Günüdür
Bakı, 3 mart, AZƏRTAC
3 mart - Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Günüdür.
AZƏRTAC “anydayguide.com” saytına istinadla xəbər verir ki, həmin gün 2013-cü il dekabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 68-ci sessiyasında təsis edilib. Günün qeyd olunmasına 1973-cü ildə nəsli kəsilməkdə olan vəhşi fauna və flora növləri haqqında Beynəlxalq Ticarət Konvensiyasının qəbul edilməsi ilə başlanılıb. Həmin Konvensiya hazırda beynəlxalq ticarətin vəhşi təbiətə təsir etməməsini təmin etməkdə mühüm rol oynayır.
Bu gün insanlara yabanı flora və faunanın müxtəlifliyini və gözəlliyini yaşama fürsəti verir. Həmçinin hər kəsə ekoloji, sosial və iqtisadi baxımdan vəhşi təbiətə qarşı cinayətlə mübarizənin vacibliyini xatırladır.
Hazırda Konvensiyanın siyahısında 5000 heyvan və 28 min bitki növü var.
Azərbaycanda bitki və heyvan növlərinin mühafizəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti təşkil edir. Bununla yanaşı, “IDEA” İctimai Birliyi təbiətin mühafizəsi sahəsinə öz töhfələrini verir.
Ölkəmizdə nəslinin tükənmə təhlükəsi olan bitki və heyvanların adı “Qırmızı Kitab”a daxil edilib, həmçinin mühafizə məqsədilə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Hər il bir deviz altında qeyd edilən bu təqvimin cari ildəki şüarı “Böyük pişiklər: Yırtıcılar təhdid altında”dır.