Azərbaycan dəmir yollarının sərnişin vaqonları yenilənir VİDEO
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycan dəmir yolları yükdaşıma ilə bağlı stansiyaların fəaliyyətini gücləndirir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov AZƏRTAC-a bildirmişdir ki, ötən il dəmir yolunda yükdaşımada lokomotivlərin istismarı ilə bağlı problemlər həll olunmuşdur. Ötən il Baltikyanı ölkələr və Ukraynanın müvafiq zavodlarında 10-a yaxın lokomotiv təmir edilərək istismara qaytarılmışdır. Eyni zamanda, “Azərbaycan Dəmir Yolları”na məxsus 5 teplovoz Çexiyada təmir olunaraq xəttə buraxılmışdır.
Dəmir yolunun sərnişin təsərrüfatının yaxşılaşdırılması məqsədilə də xeyli iş görülmüşdür. Belə ki, 80-ə yaxın sərnişin vaqonu Ukraynada və Rusiyada təmir olunaraq istismara verilmişdir. Ötən il şimal istiqamətində hərəkət edən bütün qatarların, Bakı-Rostov, Bakı-Xarkov qatarlarının vaqonları yeniləri ilə əvəzlənmişdir.
Q.Nəzirov əlavə etmişdir ki, ölkə daxilində hərəkət edən qatarlar, eləcə də Bakı-Tbilisi qatarının vaqonları da tamamilə dəyişdirilmişdir. İlin sonunadək digər istiqamətlərdə də hərəkət edən sərnişin qatarlarının dəyişdirilməsi istiqamətində işlər davam etdirilir.